“Svetofor”u söndürən səbəblər | TƏHLİL

// Mask Şoltzu “axmaq” adlandırmaqda haqlıdırmı?

   “Svetofor”u söndürən səbəblər    | TƏHLİL
  12 Noyabr 2024    Oxunub:1488
Almaniyanın kansleri Olaf Şoltz Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbətində demişdi ki, ölkəsində siyasi böhran yarandığı üçün COP29-a gələ bilmir. Bu nə böhrandır, səbəbləri nədir və dünyanın dördüncü böyük iqtisadiyyatına malik ölkə üzləşdiyi vəziyyətdən çıxa biləcəkmi?
Almaniyanı idarə edən “Svetofor” koalisiyası (daxil olan partiyaların rəmzi rənglərinə görə belə adlanırdı) bir neçə ay sürən mübahisədən sonra bu həftə rəsmən dağıldı. Son ümid buna idi ki, bəlkə Trampın seçilməsinin Avropaya yaratdığı təhdid Almaniya hökumətini ziddiyyətləri kənara qoyaraq, toparlanmağa vadar edə bilər. Yada salaq ki, Donald Tramp seçki ərəfəsində Avropadan idxala yüksək gömrük tarifləri tətbiq edəcəyinə vəd vermişdi. Almaniya İqtisadiyyatı İnstitutunun hesablamalarına görə, ABŞ-ın yeni prezidentinin başladacağı ticarət müharibəsi onlara təxminən 180 milyard avro ziyan vura bilər. Bu, işin hələ ancaq iqtisadi tərəfidir...

Amma xarici təhlükə qarşısında birləşmək ümidləri doğrulmadı, alman “svetofor”u söndü. Kansler Olaf Şoltz malliyyə naziri, Azad Demokratlar Partiyasının lideri Kristian Lindneri işdən çıxarandan sonra üçüncü ortaq – “yaşıllar”ın lideri, vitse-kansler Robert Habek koalisiyanın dağıldığını bəyan etdi. Hərçənd, "yaşıllar" özləri hökumətdə qalmaqda davam edirlər. Yanvarın 15-də parlament hazırkı azlıq hökumətinə etimad səsverməsi keçirməlidir. Böyük ehtimalla, etimad göstərilməyəcək və martda – nəzərdə tutulduğundan yarım il qabaq,- növbədənkənar seçki keçiriləcək.


Böhranın səbəbi Almaniya iqtisadiyyatının artıq ikinci ildir artım nümayiş etdirə bilməməsindədir. Kansler Olaf Şoltz və onun tərəfini tutan “yaşıllar” vəziyyətdən çıxmaq üçün dövlətin borclanmasına qoyulan məhdudiyyətin yumşaldılmasını təklif edirdilər. Onların fikrincə, bu addım hökumətin sosial xərcləri artırmasına və iqtisadiyyatı canlandırmasına imkan yarada bilərdi.
Keçmiş maliyyə naziri Kristian Lindnerin başçılıq etdiyi azad demokratlar isə əksinə, düşünürdülər ki, indiki vəziyyətdə hökumət gələn ilin büdcəsində nəzərdə tutduğu xərcləri azaltmalıdır. Bununla bağlı hətta koalisiya ortaqlarına 18 bəndlik ultimatum da vermişdilər.

Vəziyyəti qəlizləşdirən həm də odur ki, Olaf Şoltz ilə Kristian Lindnerin bir-birindən yumşaq desək, xoşları gəlmirdi. Şoltz artıq keçmiş ortağını kompromisə getməməkdə, partiya maraqlarını ümumi maraqlardan üstün tutmaqda ittiham edirdi. Lindner isə Şoltzu sadə almanların iqtisadi maraqlarını nəzərə almamaqda suçlayırdı. Söhbət Ukraynaya maliyyə yardımının ayrılmasından gedir. Lindner 2025-ci ilin büdcəsində Ukraynaya yardımın artırılmasına qəti şəkildə qarşı çıxırdı.


Maraqlıdır ki, yeni seçkilərdə herr Lindnerin partiyasının Bundestaqa keçə bilmək üçün 5%-lik səddi aşmaq şansı çox aşağıdır. Yaranmış vəziyyət ən çox müxalifətdə olan mühafizəkarlara – ilk növbədə sağ mərkəzçi Xristian-Demokrat İttifaqı Partiyasına sərf edir. Görünür, həm də buna görə milyarder İlon Mask “Svetofor” koalisiyasını dağıtdığına görə Olaf Şoltzu “axmaq” adlandırıb. Kansler isə cavabında ARD televiziyasına müsahibəsində Maskın bu sözünü özü üçün şərəf hesab etdiyini deyib.

Merts Putinə ultimatum vermək niyyətindədir
Xristian-Demokrat İttifaqının sədri Fridrix Mertz Rusiyaya qarşı aqressiv yanaşması ilə seçilən siyasətçilərdəndir. O artıq bildirib ki, kansler olacağı təqdirdə Rusiyaya müharibəni dayandırmaq üçün bir gün vaxt verəcək. Əgər Moskva hərbi əməliyyatları dayandırmasa, Kiyevin Rusiya ərazilərinin dərinliyinə zərbə endirmək məqsədilə Alman silahından istifadə etməsinə icazə verəcək. O, həmçinin Ukraynaya “Taurus” qanadlı raketlərinin göndərilməsinə hazır olduğunu açıqlayıb.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:   Almaniya   Böhran  





Xəbər lenti